Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 39 yaşlı futbolçunun komandası Səudiyyə Ərəbistanı Asiya Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşləri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” kollektivi ilə qarşılaşıb.
Heyətində Ronaldonun yer aldığı “Əl-Nəsr” səfərdə ciddi cəhdlərinə rəğmən, meydanı məğlub tərk edib – 0:1.
Oyun zamanı yerli azarkeşlər rəqibin psixoloji tatrazlığını pozmaq üçün Ronaldonu təxribata çəkiblər. Onun topa hər toxunuşu “Messi, Messi” sədaları ilə müşayiət edilib. Ancaq rəqib azarkeşlərin Ronaldonu intizamsızlığa təhrik etmək cəhdlərini portuqal ulduz bu dəfə təmkinlə qarşılayıb.
Xatırladaq ki, daha əvvəl Ronaldo “Əl-Şabab” azarkeşlərinin eyni təxribatına qıcıqlanaraq nalayiq davranışla qarşılıq vermiş və həm 1 oyunluq cəzalanmış, həm də pul cəriməsi almışdı.
Cavab oyununa gəlincə, “Əl-Nəsr” bu rəqibini martın 11-də qonaq edəcək. Cütün qalibi yarımfianlda Səudiyyə Ərəbistanı təmsilçiləri “Əl-Hilal” – “Əl-İttihad” cütünün qalibi ilə üzləşəcək.
Üstəlik, Ronaldo “Əl-Nəsr”in heyətində son 10 oyunda ilk dəfə qol vura bilməyib. Ronaldo sonuncu dəfə dekabrın 1-də “Əl-Nəsr”in heyətində rəsmi oyunda qol vurmayıb. Bu, Səudiyyə Ərəbistanı çempionatının “Əl-Hilal”la oyununda (0:3) baş verib.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 30 oyuna çıxıb, 28 qol vurub, 11 məhsuldar verib.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


