“Əl-Nəsr”in ulduz hücumçusu Kristiano Ronaldo 2026-cı il dünya çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az “Bolavip” dərgisinə istinadən, portuqal hücumçunun bu barədə cavabını təqdim edir:
“Özümü yaxşı hiss edirəm. Amma 2026-cı illə bağlı suala cavab verə bilmərəm. Mən anı yaşayıram – hazırda bu, çox nikbindir. Çalışacağıq ki, UEFA Millətlər Liqasında uğur qazanaq. Amma 2026-cı il? Hələ ona çox uzun bir yol var”, deyə Ronaldo vurğulayıb.
Xatırladaq ki, 2026-cı ildə dünya çempionatı (DÇ-2026) ABŞ, Kanada və Meksikada keçiriləcək.
Hazırkı dünya çempionu adını DÇ-2022-nin finalında Fransa yığmasını oyunsonrası penaltilər silsiləsində məğlub etmiş Argentina yığması daşıyır (3:3, penaltilərlə 4:2).
Son dünya çempionatında Portuqaliya yığması 1/4 final mərhələsində Mərakeş yığmasına 0:1 hesabı ilə uduzaraq mübarizəsini başa vurmuşdu.
Kristiano Ronaldo Portuqaliya millisinin Avropa çempionatındakı (AÇ-2024) çıxışından da danışıb:
“Avropa Çempionatında insanların komandaya olan gözləntiləri çox böyük idi, nəticədə isə onlar elə, bunun içində itib-batdılar. Fikrimcə, bu, məyusluq deyildi, komandanın tərəqqisinin bir hissəsi idi, ona vaxt ayırmaq gərəkdir. Məşqçinin vaxtı olmalıdır ki, komandanı öz yolu ilə oynamağa məcbur etsin. Məncə, bu, müsbət idi. Heç kim uduzmağı sevmir, amma mənim üçün bu, məğlubiyyət deyil, qələbə idi”, deyə Ronaldo özünün qalib fəlsəfəsini bir daha nümayiş etdirib.
Xatırladaq ki, portuqal ulduz AÇ-2024-də keçirdiyi 5 oyunda 1 məhsuldar ötürmə və dəqiq yerinə yetirilmiş 2 oyunsonrası penalti ilə fərqəlnib. Ronaldonun qitə birinciliyində ümumi çıxışını mütəxəssislər kafi olaraq qiymətləndirirlər.
Portuqaliya yığması isə yarışın 1/4 finalında Fransa yığmasına oyunsonrası penaltilər silsiləsində məğlub olaraq, AÇ-2024-lə vidalaşıb (əsas və əlavə vaxt 0:0, penaltilərlə 3:5).
Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 212 oyun keçirib, 130 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.


