Kristiano Ronaldo DÇ-2026-dan sonra millidən getmək istəyirmiş

Kristiano Ronaldo 2026-cı il dünya çempionatından sonra Portuqaliya milli komandasında karyerasını başa vurmaq niyyətində olub.

Arena.az xəbər verir ki, 41 yaşlı hücumçu bu barədə açıqlamasında bildirib.

Ronaldo dünya çempionatından sonra Portuqaliya xalqına müraciət hazırladığını, lakin sonradan federasiya rəhbərliyinin onu qərarından daşındırdığını söyləyib:

“DÇ-2026-dan sonra Portuqaliya xalqına ünvanlanan və milli komandadan həmişəlik ayrılacağım zaman söyləmək istədiyim sözlərin yer aldığı məktub hazırlamışdım. Bu məktubu hələ də saxlayıram. ABŞ-dan qayıdarkən federasiya prezidenti məndən qərarımı yenidən nəzərdən keçirməyimi istədi və buna təkid etdi. Daha sonra hazırkı baş məşqçinin namizədliyi barədə fikrimi soruşdu. Mən bunun düzgün seçim olacağını dedim. Buna görə də yeni baş məşqçi təqdim olunanda onun seçiminə səmimi şəkildə sevindim”, – deyə Ronaldo bildirib.

Portuqaliya millisinin baş məşqçisi hazırda Jorje Jezusdur. Ronaldo onun rəhbərliyi altında UEFA Millətlər Liqasının yeni mövsümündə Uelsə qarşı keçirilən oyunda (1:0) iştirak edib. Norveçlə görüşdə (2:1) isə ehtiyatda qalıb. Bundan sonra onunla Jorje Jezus arasında narazılıq yaranıb və ulduz futbolçu millinin düşərgəsini tərk edib.

Kristiano Ronaldo karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real”, “Yuventus” və “Əl-Nəsr” klublarında çıxış edib. O, UEFA Çempionlar Liqasının beşqat qalibi, Avropa çempionu və UEFA Millətlər Liqasının ikiqat qalibidir.

Portuqaliyalı futbolçunun hesabında ümumilikdə 979 qol var. Bunlardan 146-sını milli komandada, 833-nü isə klub səviyyəsində vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: