“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatındakı çıxışı haqda duyğularını paylaşıb.
Arena.az məşhur italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən, portuqal ulduzun bu barədə fikirlərini təqdim edir:
“Mən Səudiyyə Ərəbistanında xoşbəxtəm, tamamilə xoşbəxtəm. “Əl-Nəsr”də oynamaqdan xoşbəxtəm. Komandamız üçün cari mövsümü müsbət qiymətləndirmək olar, çünki bütün turnirlərdə qalib olmaq imkanımız hələ də var”, deyə Ronaldo vurğulayıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 31 oyuna çıxıb. O, bu oyunlarda 28 qol vurub, 11 məhsuldar verib.
Ronaldo milli çempionatın ən sərrast futbolçusudur – 22 qol. Həmçinin portuqal hücumçunun hesabında 9 məhsuldar ötürmə var.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


