Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı çempionatının 2-ci turu çərçivəsində baş tutan “Əl-Feyha” ilə görüşün iştirakçısı olub.
Səfərdə baş tutan oyun “Əl-Nəsr”in qələbəsi ilə başa çatıb. Ronaldo komandasının 4:1 hesablı səfər qələbəsinə cərimə zərbəsindən vurduğu qol və məhsuldar ötürmə ilə töhfəsini verib.
2-ci turdan sonra “Əl-Nəsr” 4 xalla yarış cədvəlinin 2-ci pilləsində, xalsız “Əl-Feyha” isə “zirzəminin dibində” – 18-ci pillədə qərarlaşıb. Səudiyyə Ərəbistanı çempionatına 6 xalla “Əl-Kadisiya” başçılıq edir.
Oyundan sonra Ronaldo adəti üzrə özünün sosial şəbəkə hesabı üzərindən komandasına ilhamla çağırış ünvanlayıb:
“Hər şey hələ indi başlayır! İrəli, “Əl-Nəsr”, – Ronaldo paylaşıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar verib.
Cari mövsümə isə Ronaldo “Nəcd cəngavərləri”nin heyətində bütün yarışlarda 4 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 68 oyun, 62 qol və 17 məhsuldar ötürmədən ibarətdir.
Xatırladaq ki, Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Maraqlıdır ki, Ronaldo “Əl-Nəsr”lə hələ heç bir qənimət qazanmayıb. Qolçuluq mükafatları ilə yanaşı, Ronaldonun “Əl-Nəsr”dəki yeganə uğuru ötən mövsümün ən yaxşı oyunçusu seçilməsidir.
Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 212 oyun keçirib, 130 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


