“Əl-Nəsr”in portuqal ulduz hücumçu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının MLS-dən daha yaxşı olduğunu bildirib.
Arena.az bu barədə “Metro” nəşrinə istinadən məlumat verir:
“Səudiyyə Liqası MLS-dən yaxşıdır. Mən yüz faiz əminəm ki, heç bir Avropa klubuna qayıtmayacağam. Mən Səudiyyə Ərəbistanı Liqasına yol açmışam… və indi bütün oyunçular bura gəlirlər. Bir ildən sonra Səudiyyə Ərəbistanı Liqası Türkiyə Super Liqasını və Hollandiya Erediviziyasını geridə qoyacaq”, deyə Kristiano Ronaldo bildirib.
Xatırladaq ki, argentinalı ulduz hücumçu Lionel Messi MLS-də çıxış edir. Messi 2022/2023 mövsümünün bitməsi ilə PSJ-dən azad agent qismində ayrılaraq ABŞ klubu “İnter Mayami” ilə müqavilə imzalayıb.
Kristiano Ronaldo isə 2023-cü ilin yanvarında “Əl-Nəsr”ə keçib. Geridə qalmış 2022/2023 mövsümündə o, bu komandanın heyətində 19 oyuna çıxıb, 14 qol vurub, 2 məhsuldar ötürmə verib.
Portuqal ulduzun gəlişinə qədər Səudiyyə Liqasının lideri olan “Əl-Nəsr” çempionatın sonlarında lider mövqeyini itirərək gümüş medallarla kifayətlənib.


