Kristiano Ronaldo son 8 ildə ən uğurlu mövsümünü keçirir

“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo özünün yüksək fiziki hazırlığı və keyfiyyətli oyunu mənzərəsində diqqət çəkir.

Arena.az xatırladır ki, Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 30-cu turu çərçivəsində “Əl-Vəhda”ya qarşı “Əl-Nəsr”in ev oyununda 6:0 hesablı qələbəyə het-triklə töhfəsini verib.

Beləliklə Ronaldo 2023/2024 mövsümündə klub səviyyəsində bütün yarışlarda vurduğu qolların sayını 45-ə çatdırıb. Bu, Ronaldonun “Real”da oynayarkən 51 qol vurduğu 2015/2016 mövsümündən bəri ən yaxşı səmərəsidir. Göründüyü kimi, ulduz futbolçu bu rekordu təkrarlamaq və hətta qırmaq imkanına sahibdir.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 40 oyuna çıxıb, 41 qol vurub, 12 məhsuldar verib.

Ronaldo 32 qolla cari mövsüm Səudiyyə Ərəbistanı Peşəkar Liqasının ən sərrast futbolçusudur. Portuqal ulduzun hesabında 10 məhsuldar ötürmə də var. Ronaldo həmçinin qol və məhsuldar ötürmələrin cəmi (42) üzrə mütləq liderdir.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 206 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: