Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun heyətində növbəti matçına çıxıb.
Arena.az məlumat verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2026/2027-ci illər mövsümünün 2-ci turu çərçivəsində keçirilmiş “Əl-Riyad”la oyunun iştirakçısı olub.
Ronaldonun komandası səfər oyunundan qələbə ilə ayrılıb – 4:0. Portuqal futbolçu bu matçın ikinci hissəsində meydana buraxılıb. Komandasının sonuncu qolunu da 83-cü dəqiqədə portuqal hücumçu vurub.
“Əl-Nəsr” 2 turdan sonra 6 xalla Səudiyyə Ərəbistanı Peşəkar Liqasının yarış cədvəlinin ilk pilləsində qərarlaşıb. Komanda cari mövsümdə keçirdiyi hər 2 oyunda qələbə qazanıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 1 oyuna 1 qolla fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 143 oyun, 124 qol və 24 məhsuldar ötürmədən ibarətdir.
Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, Səudiyyə Ərəbistanı çempionu (2026) olub.
Kristiano Ronaldo 2003-cü ildən formasını geyindiyi Portuqaliya yığmasının heyətində 233 oyuna 146 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 41 yaşlı veteran hücumçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


