Kristiano Ronaldo viruslu infeksiyaya yoluxub

“Əl-Nəsr”in portuqal ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo xəstəliyə tutulub, futbolçuda viruslu infeksiya aşkar edilib.

Arena.az bu barədə “Əl-Nəsr”in mətbuat xidmətinə istinadən məlumat verir:

“Əl-Nəsr”in kapitanı Kristiano Ronaldo bu gün özünü pis hiss edib və ona virus infeksiyası diaqnozu qoyulub. Komandanın həkimi onun istirahətə ehtiyacı olduğunu və evdə qalmalı olduğunu təsdiqləyib. O, komanda ilə İraqa yollanmayacaq. Kapitanımızın tezliklə sağalmasını arzu edirik”, – “Əl-Nəsr”in rəsmi bəyanatında deyilir.

Xatırladaq ki, sentyabrın 16-da “Əl-Nəsr” Asiya Çempionlar Liqasının 1-ci turu çərçivəsində İraqın “Əl-Şorta” komandasının qonağı olacaq.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 5 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 69 oyun, 62 qol və 17 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib.

Kristiano Portuqaliya yığmasının heyətində 214 oyun keçirib, 132 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı veteran hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.