Kristiyan Yakiç “Ayntraxt”ı “Auqsburq”a dəyişdi

Frankfurt “Ayntraxt”ının xorvat dayaq yarımmüdafiəçisi Kristiyan Yakiç icarə əsasında Bundesliqanın digər təmsilçisi “Auqsburq”a keçib.

Arena.az bu barədə Almaniya klublarının mətbuat xidmətinə istinadən məlumat verir.

İcarə müqaviləsi cari mövsümün – iyun ayının sonuna qədər qüvvədə olacaq. İcarə haqqı isə müqavilə müddəti başa çatandan sonra razılaşdırılacaq.

Kristiyan Yakiç Xorvatiyanın “İmotski” klubunun yetriməsidir. Yakiç karyerası ərzində yerli “Split”, “Lokomotiva”, “İstra” və “Dinamo”da (Zaqreb) çıxış edib, buradan isə “Ayntraxt”a keçib.

Cari mövsümün ilk yarısında Yakiç “Ayntraxt”ın heyətində 8 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Kristiyan Yakiçin qənimətlər muzeyində Zaqreb “Dinamo”su ilə ikiqat Xorvatiya çempionluğu, Xorvatiya Kuboku, həmçinin Frankfurt “Ayntraxt”ı ilə qazandığı Avropa Liqası (2021/2022) var.

Yakiç 2021-ci ilin oktyabrında debüt etdiyi Xorvatiya yığmasının heyətində 5 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 26 yaşlı xorvat dayaq yarımmüdafiəçisinin transfer dəyərini 5,5 milyon avro məbləğində qiymətləndirir.

Yeri gəlmişkən, “Auqsburq” holland müdafiəçisi Jeffri Qaueleu ilə də yeni müqavilə imzalandığını açıqlayıb. 32 yaşlı futbolçunun yeni müqaviləyə əsasən 2025-ci ilin 30 iyununa kimi Bundesliqa klubunun uğurları üçün çalışmağa davam edəcək. Onun əvvəlki sözləşməsinin müddəti bu mövsümün sonunda bitəcəkdi.

Jeffri Qaueleu 2016-cı ildən “Auqsburq”un uğurları üçün çalışır. O, bu komandanın heyətində 219 oyuna çıxıb, 5 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub. O, “Alkmar”, “Herenven” kimi klublarda da oynayıb, Niderlandın aşağı yaş qrupları üzrə yığmalarında forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: