Kristof Kramer 2025-ci ilə kimi “Borussiya”da qalacaq

Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubunun yarımmüdafiəçisi Kristof Kramer Bundesliqa təmsilçisi ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Almaniyadan olan 31 yaşlı futbolçu ilə imzalanmış yeni müqavilənin müddəti 2025-ci ilin 30 iyununa qədər qüvvədə olacaq. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti 2023-cü ilin iyununa qədər idi.

Kristof Kramer 2013-cü ildən “Borussiya”da çıxış edir. O, bu mövsüm Almaniya Bundesliqasında 15 matça çıxıb və 1 məhsuldar ötürmə edib. Dayaq yarımmüdafiəçisi Mönhenqladbax təmsilçisində bütövlükdə 257 matça çıxıb, 11 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Bohum”, “Bayer”, “Fortuna” (Düsseldorf) kimi klubların da formasını geyinib. Kramer Almaniya milli komandasında da 12 oyun keçirib.

Mönhenqladbax “Borussiya”sı gənc sağ cinah müdafiəçisi Saymon Valde ilə də yeni müqavilə bağlayıb. 18 yaşlı oyunçu ilk peşəkar müqaviləsinə imza atıb. Onun yeni müqaviləsi 2024-cü ilin 30 iyununa qədər nəzərdə tutulub. Almaniyalı futbolçu klubun öz yetirməsidir. O, hazırda gənclərdən ibarət komandada forma geyinir və əsas komandada rəsmi matça çıxmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: