Geridə qalan mövsümü Fransa çempionu kimi bitirən PSJ klubunda baş məşqçi Kristof Qaltye ilə müqaviləyə rəsmən xitam verilib.
Arena.az bu barədə Fransa klubunun rəsmi saytına istinadən məlumat verir:
“Bütün “Pari Sen-Jermen” klubu Kristof Qaltye və onun köməkçiləri Tyerri Oleksiaka və Joao Sakramentoya mövsüm boyu göstərdikləri peşəkarlıq və fədakarlıq müqabilində təşəkkür edir, onlara gələcək karyeralarında uğurlar arzulayır”, – PSJ-nin açıqlamasında deyilir.
Xatırladaq ki, Qaltye 5 iyul 2022-ci ildə PSJ-nin baş məşqçisi təyin edilmişdi. Qaltyenin rəhbərliyi altında PSJ 11-ci dəfə Fransa çempionluğunu qazanıb. Amma klubun əsas hədəfi olan UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində komanda “Bayern”ə məğlub olaraq mübarizəni dayandırıb.
PSJ Qaltyenin rəhbərliyi altında meydana çıxdığı 50 oyundan 34 qələbə ilə ayrılıb. Qalan oyunlarda isə 6 heç-heçə və 10 məğlubiyyət qeydə alınıb.
56 yaşlı mütəxəssis əvvəllər “Nitsa”, “Lill” və “Sent Etyen”ni də çalışdırıb.
PSJ-də baş məşqçi postuna Kristof Qaltyenin əvəzində Luis Enrikenin gətiriləcəyi bildirilir. Tərəflər artıq bütün məsələlərdə razılığa gəliblər. Klubun bu təyinatı da qısa zamanda açıqlaması gözlənilir.


