“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev Premyer Liqanın 5-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.
Kurban Berdıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İki fərqli hissə izlədik. Birinci hissədə bir qədər ləng oynadıq. Əvəzetmələrdən sonra oyunu sürətləndirə bildik. Yarımmüdafiə və hücum xəttində yorulan oyunçuları dəyişdirdik. Müdafiə xəttində zədə olacağını güman etmirdim. Əvəzetmə limiti dolduğuna görə zədəli müdafiəçimizi əvəz edə bilmədik. Ümumilikdə 2 xal itirdik.
Penalti nəticəyə təsir etdi. Amma biz 10 nəfərlə oynayırdıq. Çünki müdafiəçimiz zədələnmişdi və əvəzetmə edə bilmirdik. Penaltinin olub-olmamasına gəlincə, mən bunu müzakirə etmirəm. Amma əgər qapıçı ona fürsət verdisə, demək ki, penalti var. Baş hakim epizodun təkrarına baxmaq üçün VAR-a gedəndə ehtimal edirdim ki, qərarını dəyişəcək. Çünki orada ayaqla toxunuş yox idi, bəlkə başa nəsə olmuşdu.
Biz rəqibin oynadığı iki sistemi təxmini bilirdik. Hər iki sistemə uyğun məşq edib hazırlaşırdıq. Gözlənilməz heç nə olmadı”.
“Araz-Naxçıvan”ın baş məşqçisi Zaur İsmayılov isə heç-heçəyə belə şərh verib:
“Çox gərgin oyun keçdi. Baxmayaraq ki, hesabda öndə idik, ikinci hissədə yenə də kobud və eyni, fərdi səhvlərdən qol buraxdıq. Bilirdik ki, rəqib standart vəziyyətlərdə güclüdür. Amma standart vəziyyətlərdən yox, kobud səhvlərimizdən qollar gördük. Bir növ özümüz özümüzə rəqibik. Oyunun sonunda təzyiqi artırdıq, rəqibi səhv etməyə məcbur etdik. Sonda da heç-heçəyə nail olduq.
Penalti epizodunun təkrarına baxdıq. Qapıçının toxunuşu var idi. Penalti idi. Epizoda baxan kimi görünür ki, penalti var. Baş hakim özü gedib baxdı, epizodu uzun müddət izlədı. Amma ədalətli qərar penalti təyin olunması idi.
Təqvim bizim üçün ağır idi. Amma biz hər oyuna qələbə üçün çıxırdıq. Ötən turda “Qarabağ”a qarşı yaxşı oynadıq, bu mövsüm ilk qollarımızı vurduq. Bu, komandaya stimul oldu, futbolçuları həvəsləndirdi. Gələcək oyunlarda daha da irəliləyiş olacaq”.


