Kurtua – DÇ-də 20 oyun həddinə çatan üçüncü qapıçı!

Belçika millisinin qapıçısı Tibo Kurtua futbol üzrə dünya çempionatları tarixində 20 oyun həddinə çatan üçüncü qolkiper kimi tarixə düşüb.

Arena.az xəbər verir ki, 34 yaşlı qapıçı DÇ-2026-nın 1/8 final mərhələsində ABŞ millisinə qarşı keçirdikləri görüşə start heyətində çıxmaqla bu göstəriciyə nail olub.

Buna qədər dünya çempionatlarında 20 və daha çox oyun keçirən yeganə qapıçılar Almaniya millisinin sabiq qolkiperi Manuel Noyer (23 oyun) və Fransa millisinin keçmiş qapıçısı Uqo Lyoris (20 oyun) idi.

2018-ci ildən Madrid “Real”ının formasını geyinən Kurtua klub karyerasında üç dəfə İspaniya çempionu, iki dəfə UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və İspaniya Super Kubokunun qalibi olub. O, həmçinin bir dəfə İspaniya Kubokunu, Klublararası dünya çempionatını və FIFA Qitələrarası Kubokunu qazanıb.

Karyerası ərzində “Genk”, “Çelsi” və “Atletiko”nun da formasını geyinmiş təcrübəli qapıçı Belçika millisinin heyətində DÇ-2018-in bürünc mükafatçısı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: