La Liqa klubunda yeni hücumçu – Kris Ramos!

İspaniyanın “Luqo” klubunun hücumçusu Kris Ramos La Liqa təmsilçisi “Kadis”ə transfer olunub. Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İspaniyadan olan 26 yaşlı forvardla 2028-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb. “Kadis” bu transfer üçün aşağı liqa təmsilçisinə 1.5 milyon avro ödəyib.

Kris Ramos karyerası ərzində “Luqo”dan başqa “Badaxos, “Sevilya” (B), “Valyadolid”, “San Fernando” və “Merkadal” kimi klubların da formasını geyinib.

“Kadis” Meksikanın “Amerika” klubundan Xorxe Mereni, “Valyadolid”dən isə Serxi Qvardiolanı da icarəyə götürüb. Hər iki futbolçu 2023-cü ilin 30 iyununa kimi bu komandada forma geyinəcək.

Xorxe Mere Xixon “Sportinq”inin yetirməsidir. İspaniyadan olan 25 yaşlı mərkə zmüdafiəçisi Almaniyada “Köln”, Meksikada “Amerika” və “Masatlan”ın da formasını geyinib. O, İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

Serxi Qvardiola isə 2019-cu ildən “Valyadolid”də forma geyinirdi. O, bu komnadada 99 oyuna 12 qol və 8 məhsuldar ötürmə müəllifi olub. 31 yaşlı ispan futbolçu “Lorka Deportiva”, “Xumilya”, “La Nusiya”, “Ontinyent”, “Xetafe” (B), “Novelda”, “Eldense”, “Alkorkon”, “Barselona” (B), “Qranada”, “Adelayda Yunayted”, “Mursiya”, “Kordova” və “Rayo Valyekano”nın da formasını geyinib.

İspaniyalı hücumçu Alvaro Ximenes isə “Kadis”dən ayrılıb. 31 yaşlı futbolçu azad agent statusu alıb. 2020-ci ildən “Kadis”də çıxış edən forvard bu komandada cəmi 29 oyuna 3 qol vurub, 1 məhsuldar ötürmə edib. O, “Elçe”, “Alkorkon”, “Almeriya”, “Saraqosa”, “Malyorka”, “Birmingem Siti”, “Valensiya” kimi klublarda da forma geyinib.

“Elçe”də ayrılıq və yeni futbolçu

Alvaro Ximenesin əvəzində “Kadis” “Elçe”nin hücumçusu Rocer Martini icarəyə götürüb. İspaniyadan olan 32 yaşlı forvard bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. O, “Elçe”də 15 oyuna 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli hücumçu daha öncə “Levante”, “Valyadolid”, “Saraqosa”, “Levante”, “Valensiya” kimi klubların da formasını geyinib.

“Elçe” isə “Rayo Valyekano”nun hücumameyilli yarımmüdafiəçisi Randi Ntekanı icarəyə götürüb. Fransadan olan 25 yaşlı futbolçu mövsümün sonuna kimi La Liqa klubunda forma geyinəcək. Nteka 2021-ci ildən formasını geyindiyi “Rayo Valyekano”da 51 oyuna 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Fuenlabrada”nın da uğurları üçün çalışıb.

“Rayo Valyekano” yarımmüdafiəçisi Bebeni də “Saraqosa”ya icarəyə verib. 32 yaşlı vinger mövsümün sonunadək icarədə olacaq. Portuqaliyada dünyaya göz açan, bu ölkədə müxtəlif klubların formasını geyinmiş yarımmüdafiəçi, Kabo Verde millisində də oynayıb. O, “Eybar”, “Kordova”, “Benfika”, “Pasuş de Ferreyra”, “Rio Ave”, “Beşiktaş”, “Mançester Yunayted”, “Vitoriya Gimaraynş”, “Estrela da Amadora” kimi klubların da uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: