La Liqaya vəsiqə qazanan sonuncu klub bəlli oldu

2022/23 mövsümündə futbol üzrə İspaniya çempionatına (La Liqaya) vəsiqə qazanan sonuncu klub müəyyənləşib. Arena.az xəbər verir ki, sonuncu vəsiqəyə “Jirona” klubu sahib çıxıb.

Sözügedən komanda Sequndada 3-6-cı pillələr aralığında qərarlaşmış komandalar arasındakı pley-off mərhələsinin qalibi olub. Yarımfinalda mövsümün əsas hissəsini 3-cü pillədə başa vurmuş “Eybar”la (80 xal) 6-cı olmuş “Jirona” (68 xal) qarşılaşıb. Evdə 0:1 hesabıyla uduzan “Jirona” səfərdə 2:0 qalib gələrək finala yüksəlib. Digər yarımfinal cütündə isə 70 xalla 4-cü olmuş “Las Palmas” 69 xallı “Tenerife” ilə üz-üzə gəlib. Hər iki oyunda qalib gələn (1:0, 2:1) “Tenerife” də finala çıxıb. Final mübarizəsi də iki oyundan ibarət olub. İlk oyunda hesab açılmayıb. Ötən gün baş tutan səfər oyunundan 3:1 hesabıyla qalib ayrılan “Jirona” La Liqaya vəsiqə əldə edib.

“Jirona” 2018/2019 mövsümünün sonunda 18-ci yeri tutaraq La Liqanı tərk etmişdi.

Xatırladaq ki, daha öncə “Almeriya” və “Valyadolid” yüksək liqada oynamaq hüququ qazanmışdı. Hər iki komanda mövsümü 81 xalla başa vursa da, “Almeriya” daha yaxşı göstəricilərə görə çempion elan olunmuşdu. Bu komandalar 2021/22 mövsümünün yekununa əsasən La Liqanı tərk edən “Qranada”, “Levante” və “Alaves”i əvəz edəcəklər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: