Lamin Yamal – AÇ-2024-ün ən yaxşı gənc oyunçusu!

“Barselona”nın yeniyetmə vingeri Lamin Yamal Almaniyada keçirilmiş Avropa çempionatının (AÇ-2024) ən yaxşı gənc oyunçusu seçilib.

Arena.az xəbər verir ki, ötən gecə İspaniya və İngiltərə milli komandaları arasında baş tutan final matçından sonra ispaniyalı futbolçu xüsusi mükafata layiq görülüb.

O, AÇ-2024-ün ən yaxşı gənc oyunçusu elan edilib.

Ötən gün 17 yaşını tamamlayan hücumçu bu Avropa çempionatında İspaniya millisinin keçirdiyi 7 oyunun hər birində meydana çıxıb. O bu oyunların 6-da start heyətində yer alıb. Yalnız qrup mərhələsinin 3-cü turunda, Albaniya ilə oyunda sonradan meydana çıxıb. Futbolçu ümumilikdə 507 dəqiqə meydanda olub və bu müddətdə 1 qola, 4 məhsuldar ötürməyə imza atıb. İngiltərə ilə matçın 47-ci dəqiqəsində məhz Yamalın məhsuldar ötürməsini komanda yoldaşı Niko Uilyams qola çevirib.

İspaniya yığması finalda İngiltərəni 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq 4-cü dəfə Avropa çempionu olub.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024 mövsümündə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.

Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 14 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var. O, milli komanda ilə də AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı vingerin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: