Lamin Yamal İspaniya Super Kubokunda rekorda imza atdı

İspaniya Super Kubokunun “Barselona” və “Osasuna” yarımfinal oyunu (2:0) “blauqrana”nın sağ vingeri Lamin Yamal üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, oyunun əsas vaxtına əlavə edilmiş təzminat dəqiqələrində (90+3) Yamal “Barselona”nın 2-ci qolunu vurmaqla, İspaniya Super Kubokunun rekordunu müəyyənləşdirib.

Belə ki, indi Lamin Yamal İspaniya Super Kubokunda qol vurmuş ən gənc futbolçudur. Yamal buna 16 yaş, 5 ay, 29 günlüyündə nail olub.

Vurğulayaq ki, buna qədər Yamal İspaniya yığmasının heyətində və İspaniya La Liqasının tarixində ən gənc qolçu olmağı bacarmışdı.

Xatırladaq ki, İspaniya Super Kubokunda “el klasiko” baş tutacaq – yanvarın 14-ü keçiriləcək final oyununda “Real” və “Barselona” üz-üzə gələcəklər.

Lamin Yamal “Barselona”nın yetirməsidir və 2022/2023 mövsümündən Kataloniya klubunun əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 26 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə verib.

Lamin Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 4 oyun keçirib, 2 qol vurub.

“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı futbolçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: