İspaniya millisinin və “Barselona”nın vingeri Lamin Yamal “blauqrana”nın sabiq baş məşqçisi, ispan mütəxəssis Xavi haqqında danışıb.
Arena.az yeniyetmə istedadın bu barədə fikrini təqdim edir:
“Düşünürəm ki, o, mənə ən böyük təsir etmiş məşqçidir. Xavi mənə debüt etmək imkanı verdi və dəqiqələr verməklə mənə inam aşıladı”, deyə Yamal bildirib.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Artıq geridə qalmış 2023/2024 mövsümündə Yamal “Barselona”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.
Yamal 2023-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 13 oyun keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə 2022/2023-cü illər mövsümündə qazandığı İspaniya La Liqası var.
“Transfermarkt” internet-portalı 16 yaşlı ispaniyalı vingerin transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.


