Türkiyənin “Ankaragücü” klubunun Seneqaldan olan dayaq yarımmüdafiəçisi Lamine Diak Fransanın “Nant” komandasına keçib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıblar.
Liqa 1 təmsilçisi 22 yaşlı futbolçunu satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb. Fransa klubu bir mövsümlük icarə üçün Ankara təmsilçisinə 400 min avro ödəyəcək. Gələn yay futbolçunun transfer hüquqlarının alınması üçün isə əlavə 2 milyon avro ödəmək lazım gələcək.
Lamine Diak ötən ilin yayından formasını geyindiyi Super Liqa klubunda 32 oyuna çıxıb, 3 qol da vurub. O, daha öncə Türkiyədə “Tuzlaspor”un da uğurları üçün çalışıb. Gənc yarımmüdafiəçi Şimali Makedoniyada “Şkupi”nin də formasını geyinib.

“Nant” Almaniyanın “Maynts” klubunun sağ cinah müdafiəçisi Ronael Pyer-Qabrieli də heyətinə qatıb. Azad agent statusuna malik fransız futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Pyer-Qabriel “Maynts”a 2019-cu ilin yayında 5,5 milyon avro qarşılığında keçmişdi. Lakin o, Bundesliqa təmsilçisində əsas heyət üzvünə çevrilə bilməyib. 25 yaşlı futbolçu bu koomandada cəmi 8 oyuna çıxıb və 1 assistlə yadda qalıb. Bu üzdən də müdafiəçi “Brest”, “Strasburq” və “Espanyol” klublarında icarədə oynamağa üstünlük verib. Daha öncə “Sent Etyen” və “Monako”da da oynamış futbolçu Fransanın aşağı yaş qrupları üzrə yığmalarının formasını geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Nant” iki futbolçusu ilə də yollarını ayırıb. Hücumçu Andi Delor Qətərin “Umm Salal” klubuna satılıb. Liqa 1 təmsilçisi bu satışdan 2,5 milyon avro qazanıb. Halbuki, “Nant” onu elə bu yay “Nitsa”dan 5 milyon avro qarşılığında heyətinə qatmışdı. 31 yaşlı futbolçu ötən mövsümü icarə əsasında keçirdiyi “Nant”da cəmi 17 matça çıxıb, 2 qol vurub. Əlcəzair yığmasında 15 oyuna 2 qol vurmuş futbolçu “Ayaçço”, “Nim”, “Mets”, “Tur”, “Uiqan”, “Kan”, “Tiqres UANL”, “Tuluza” və “Monpelye” kimi klublarda da çıxış edib.
Loann Duse isə qarşıdakı mövsümün sonuna kimi “Paris”ə icarəyə verilib. 20 yaşlı fransız yarımmüdafiəçi “Nant”ın öz yetirməsidir. O, bu klubun əsas komandasında 14 oyuna çıxsa da, fərqlənə bilməyib.


