Laporta Avropa Super Liqasının təsisinə münasibət bildirdi

“Barselona”nın prezidenti Joan Laporta Avropa Super Liqasının təsis edilməsi ilə bağlı məhkəmə işi üzrə qismən qələbədən sonra danışıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, Laportanın bu barədə fikirlərini təqdim edir:

“UEFA yarışlara icazə verməyə borcludur. Məhkəmələr Super Liqanın təşkil edilə biləcəyini təsdiqləyiblər. Biz səylərimizdə qətiyyət nümayiş etdirərək müqavilələri və məcəllələri pozmadıq. İnanıram ki, bu, UEFA ilə razılaşma ilə yekunlaşa bilər. Sadəcə razılıq nöqtəsini tapmaq gərəkdir. Ümidvaram ki, bu, dərhal baş verəcək. Super Liqada olmaq istəyən yüksək səviyyəli klublarla təmaslarımız var, amma onların qorxuları var, onlar, barələrində danışılmasını istəmirlər. Biz həll yolunu tapacağıq”, – deyə Laporta vurğulayıb.

Xatırladaq ki, mayın 27-də Madrid məhkəməsi Avropa Super Liqasının UEFA və FIFA-ya qarşı iddiasını qismən təmin edib, bu qurumları hakim mövqelərindən sui-istifadə etməkdə və bazarda azad rəqabətə mane olmaqda ittiham edib. Bu qərar, Avropa Birliyinin Ədalət Məhkəməsinin 2023-cü ilin dekabrında verdiyi müvafiq qərara uyğundur. O vaxt Avropa Məhkəməsi çıxardığı müvafiq qərarla Avropa Super Liqasına yaşıl işıq yandırmışdı. Hazırda Super Liqanın tam təsisi istiqamətində işlər davam edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: