“Barselona”nın prezidenti Joan Laporta “blauqrana”nın 60 yaşlı alman baş məşqçisi Hans-Diter Fliklə bağlı sualı cavablayıb.
Arena.az “Sport.es” dərgisinə istinadən məlumat verir ki, Laporta Hansi Flikin “blauqrana” ilə işləməyə davam edib-etməyəcəyi ilə bağlı sualı belə cavablayıb:
“Ümumi uğurda böyük faiz məhz Flikə məxsusdur. O, bizim layihəmizdən fərəh duyur. Artıq bir-iki aydır ki, biz onun işinə davam edəcəyi ilə bağlı razılaşmışıq. Hans çox xoşbəxtdir, onun sözlərinə görə, o, özünün peşəkar məşqçilik karyerasında ən yaxşı dövrlərdən birini keçirir”, deyə Laporta vurğulayıb.
Xatırladaq ki, 60 yaşlı “Hansi” Flik 2024-cü ilin iyul ayında “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Flikin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Alman mütəxəssisin qarşısında bir məqsəd qoyulub – “Barselona”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.
Çalışdırdığı müddətdə Hansi Flik “Barselona”nı 58 oyuna çıxarıb, 43 qələbə, 7 heç-heç, 8 məğlubiyyət yaşayıb. Topların fərqi isə 169:69 nisbətindədir.
Kataloniya təmsilçisi cari mövsümdə Flikin rəhbərliyi altında 3 qənimət qazanıb. “Barselona” 2024/2025-ci illər mövsümünün İspaniya Super Kubokunu, İspaniya Kral Kubokunu və İspaniya La Liqasını qazanıb. Flikin “Barselona”sı yalınız Çempionlar Liqasının yarımfinalında büdrəyib. İtaliya nəhəngi “İnter” “Barselona”nın “aşının suyunu verib” (səfərdə 3:3; evdə 4:3, əsas vaxt 3:3).