“Barselona”nın prezidenti Joan Laporta “blauqrana”nın, haqqında şayiələr gəzən üç futbolçusunun klubdakı gələcəyi ilə bağlı danışıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, söhbət Madrid “Atletiko”sundan icarəyə götürülmüş portuqal vinger Joao Feliks, “Mançester Siti”dən icarəyə götürülmüş portuqal müdafiəçi Joao Kanselo və “blauqrana”nın ispan vingeri Ferran Torresdən gedir:
“Biz, Feliks, Kanselo və Ferranın gələn mövsüm də bizim üçün oynamağa davam etməsini istəyirik. Deku bunun üzərində işləyir və məlumatımız var, xəbərdarıq ki, Flik onların vacib oyunçu ola biləcəyinə inanır. O, hələ “Bayern”də ikən onları düşünürdü. Mən Joao Feliksin məharətindən, eləcə də Ferranın zədəsiz ikən heyrətamiz fədakarlığından məmnunam… Fərdi olaraq hamısından razıyam, amma ümumilikdə işlər yaxşı getmədi”, deyə Laporta vurğulayıb.
Xatırladaq ki, daha əvvəl bu futbolçuların “Barselona”dan ayrılacağı haqda müxtəlif şayiələr yayılmışdı.


