Laporta Fliki təriflədi, millinin baş məşqçisini tənqid etdi

“Barselona”nın prezidenti Joan Laporta “blauqrana”nın alman baş məşqçisi Hans-Diter Flik haqqında söhbət açıb.

Arena.az xəbər verir ki, ispan məmur alman mütəxəssisin fəaliyyəti haqda bunları söyləyib:

“Flik bir çalışdrıcı kimi işimizdə inqilab etdi. O, klub adamıdır, şəhərə də uyğunlaşıb, həm mehribandır, həm insanlara yaxındır, həm də tələbkardır, nizam-intizamlıdır, şəxsi nümunə verir… Bir peşəkardır, amma insanlara insan kimi yanaşır. Biz onun işindən çox razıyıq”, deyə Laporta məmnunluqla bildirib.

Xatırladaq ki, Hansi Flik cari ilin iyulunda “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Alman mütəxəssisin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Flikin qarşısında bir məqsəd qoyulub – “Barselona”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.

Rəhbərliyi müddətində Flikin “Barselona”sı 11 oyuna 9 qələbə qazanıb və 2 oyunda məğlub olub. “Blauqrana”nın top fərqi isə 34:11 nisbətindədir.

İspaniya La Liqasının 9 turundan “Hansi” Flikin “Barselona”sı 24 xal toplayıb və yarış cədvəlinə vahid surətdə başçılıq edir.

Joan Laporta İspaniya yığmasının baş məşqçisi Luis de la Fuenteni də tənqid edib. O, daha əvvəl, futbolçuların zədələrinin sayının artmasına görə əsas məsuliyyətin milli komandaların deyil, onların klublarının üzərində olduğunu bildirmiş ispan mütəxəssisin mövqeyi ilə razılaşmadığını aşkar ortaya qoyub:

“De la Fuente klubların oyunçularla daha diqqətli olması gərək olduğuna inanırsa, o zaman milli komandalar bizə onları beynəlxalq oyunlara buraxmaq və ya buraxmamaq hüququnu verməlidirlər. Onlar bu imkanı futbolçuların maaşını verən klublara təqdim etməyə borcludurlar. Bunu nəzərə almalıyıq. Bəli, futbolçular yığmada az oyun keçirirlər, amma biz klublar isə onlara pul ödəyirik.

Biz Pedrinin vəziyyətinin bir daha təkrarlanmasını istəmirik. Lamin Yamalı həm şənbə, həm də çərşənbə axşamı oynamağa məcbur etmək də bir axmaqlıq idi. Onu oynamağa inandırmağa çalışmaları da xoşuma gəlmir. Əlbəttə, biz milli komanda ilə dil tapıb razılaşdıq. Biz öz maraqlarımızı qorumalıyıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: