“Barselona” klubunun prezidenti Joan Laporta maraqlı etirafı ilə İspaniya futbol ictimaiyyətinin diqqətini cəlb edib.
Arena.az “Sport.es” dərgisinə istinadən məlumat verir ki, ispan məmur “blauqrana”nın yeni baş məşqçisi, alman mütəxəssis Hans-Diter Flikin “Barselona”ya baş məşqçi təyin edilməsi seçimini hələ 2021-ci ildə, Joan Laporta Kataloniya klubuna yenidən prezident seçiləndə nəzərdən keçirdiyini bildiirb:
“Kluba yenidən qoşulduqdan sonra Flik haqqında “Barsa”nın məşqçisi kimi düşünməyə başladım. Flik Xavinin gedişini elan edəndən dərhal sonra komandanı öyrənməyə başladı. Onun haqqında aldığımız bütün hesabatlar çox müsbətdir. Deku və Boyan da elə hiss edirdilər ki, Flik bizim məşqçimiz olmalıdır”.
Xatırladaq ki, Xavi ilə yollarını ayırdığını açıqlamış “Barselona”, alman mütəxəssis Hansi Fliklə müddəti 2026-cı ilə qədər qüvvədə olacaq müqavilə bağlayıb.
Flik məşqçilik karyerası ərzində “Viktoriya Bammental”, “Hoffenhaym”, “Bayern” və Almaniya yığmasını çalışdırıb.
Alman mütəxəssisin klub futbolu səviyyəsində uğurları Almaniya nəhəngi “Bayern”in adı ilə bağlıdır. Flik “Bayern”lə Almaniya Bundesliqasının (2019/2020, 2020/2021), Almaniya Kubokunun (2019/2020), Almaniya Super Kubokunun (2020), Çempionlar Liqasının (2019/2020), UEFA Super Kubokunun (2020), FIFA Klub Dünya Kubokunun (2020) qalibi olub.
Flik “Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola yanaşı sekstupl qazanmış iki mütəxəssisdən biridir. 2019/2020 mövsümündə “Bayern”lə müvafiq uğura imza atıb – Almaniya Bundesliqasını, Almaniya Kubokunu, Almaniya Super Kubokunu, Çempionlar Liqasını, UEFA Super Kubokunu, FIFA Klub Dünya Kubokunu qazanıb.
Həmin mövsüm Flik 6 təqdimat üzrə ən yaxşı məşqçi adını qazanıb. Bura, UEFA-ya görə ilin məşqçisi, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) görə ilin klub məşqçisi, “World Soccer”ə görə ilin çalışdırıcısı, “Globe Soccer Awards”a görə ilin ən yaxşı məşqçisi, Alman İdman Jurnalistləri Assosiasiyasına görə ilin alman futbol məşqçisi və Bundesliqada ilin məşqçisi təqdimatları üzrə qalibiyyətlər daxildir.
Hansi Flik Almaniya yığmasının baş məşqçinin köməkçisi olaraq DÇ-2014-ün qalibi olub, həmçinin AÇ-2008-də gümüş, AÇ-2012-də isə bürünc medal qazanıb.
2021-ci ildə bundestimin sükanı arxasına keçmiş Flik 2023-cü ilin sentyabrında “alman maşını”nın bərbad çalışması səbəbindən istefaya göndərilib. Alman mütəxəssis həmin vaxtdan işsiz idi.


