“Barselona”nın prezidenti Joan Laporta “blauqrana”nın baş məşqçisi Xavinin klubda qalmasını istəyir və buna tutarlı səbəbləri var.
Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Laporta 44 yaşlı mütəxəssisin yekun qərarını öyrənmək üçün 2023/2024 mövsümünün sonuna qədər gözləmək niyyətindədir. Klub rəhbərliyi Xavi “Barselona”da qalmağa qərar verərsə, uzunmüddətli əməkdaşlıq seçimini nəzərdən keçirir.
Joan Laporta Xavinin “Barselona”nı tərk etmək istəməməsinin əsas səbəbləri kimi mütəxəssisin gənclərlə yüksək keyfiyyətli işini, məşqçinin veteranlar arasında nüfuzunu və klubun maliyyə fəsadlarına yaxşı uyğunlaşmasını göstərib.
Xavi “Barselona”nı 2021-ci ilin noyabrından çalışdırır. İspaniyalı mütəxəssisin klubla müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Lakin o, cari mövsümün bitməsi ilə Kataloniya klubunu tərk edəcəyini və qərarında qətiyyətli olduğunu daha əvvəl açıqlayıb.
Xavi “Barselona” ilə İspaniya La Liqasını (2022/2023) və İspaniya Super Kubokunu (2022/2023) qazanıb.


