Lautaro Martines A Seriyasında yeni rekorda imza atdı

“İnter”in argentinalı hücumçusu Lautaro Martines “Salernitana”ya qarşı oyunda (4:0) əvəzetmə ilə meydana çıxaraq, 27 dəqiqəyə “poker” edib.

Arena.az məlumat verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) saytı Lautaro Martinesi İtaliya A Seriyasının bütün tarixində əvəzetmədən meydana daxil olaraq 4 qol vurmuş ilk oyunçu kimi təqdim edib.

Lautaro Martines 7-ci tur çərçivəsində keçirilmiş oyuna 55-ci dəqiqədə çilili hücumçu Aleksis Sançesi əvəzləyrək daxil olub. Lautaro 62-ci dəqiqədən 89-cu dəqiqəyə qədər olan 27 dəqiqəlik müddətdə 4 qol vurub. Argentinalı hücumçu üçüncü qolu penaltidən (85-ci dəqiqə), qalanlarını isə oyundan vurub (62-ci, 77-ci, 89-cu dəqiqələrdə).
Hazırda Martines cari mövsümün A Seriyasında 9 qolla ən sərrast futbolçuların siyahısına başçılıq edir. İkinci yerdə 5 qolla “Napoli”nin nigeriyalı hücumçusu Viktor Osimhen qərarlaşıb.

Hazırda “İnter” 18 xalla A Seriyasının lideridir. “Neradzurri” eyni miqdarda xal toplamış əzəli rəqibi “Milan”ı topların daha yaxşı fərqinə görə qabaqlayır (+7-yə qarşı +16).

“Salernitana” isə 3 xalla 18-ci pillədədir.

Vurğulayaq ki, İtaliya A Seriyasında Martinesə qədər 4 futbolçu ehtiyat oyunçular skamyasından oyuna daxil olaraq 3 qol vurmağı bacarıb:

27 Aprel 1975, italiyalı Pyetro Anastasi (“Yuventus” – “Latsio” – 4:0);

23 Oktyabr 2011, qanalı Kevin-Prins Boatenq (“Milan” – “Leççe” – 4:3);

29 Dekabr 2018, sloveniyalı Yosip İliçiç (“Atalanta” – “Sassuolo”- 6:2);

20 Oktyabr 2019, danimarkalı Andreas Kornelius (“Parma” – “Cenoa” – 5:1).

Avropanın “Böyük beşlik” çempionatlarına gəlincə, müvafiq göstəricidə mütləq rekordun sahibi 22 sentyabr 2015-ci ildə “Bayern”in evdə “Volfsburq”u 5:1 hesabı ilə məğlub etdiyi oyunda müəyyənləşib. O vaxt polyak mərkəz hücumçusu Robert Levandovski 46-cı dəqiqədə Tyaqo Alkantaranı əvəzləyərək meydana daxil olub və 9 dəqiqə ərzində 5 qol vuraraq, “penta-trik”ə imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: