Lautaro Martines “İnter”in kapitanı seçildi, Lukakudan danışdı

İtaliyanın “İnter” klubunun və Argentina yığmasının hücumçusu Lautaro Martines Milan təmsilçisinin yeni kapitanı təyin edilib.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən məlumat verir.

Martines buna qədər bəzi oyunlarda “neradzurri”ni kapitan sarğısında oyuna çıxarıb. Ötən mövsüm “İnter”in birinci kapitanı 39 yaşlı sloven qapıçı Samir Handanoviç olub. Handanoviç bu yay komandadan ayrılıb.

Lautaro Martines 2018-ci ildən “İnter”də çıxış edir. O, “neradzurri” ilə 1 dəfə A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 2 dəfə də İtaliya Super Kubokunu qazanıb, ötən mövsümdə isə UEFA Çempionlar Liqasının finalçısı olub.

Geridə qalmış 2022/2023 mövsümündə Martines “İnter”in heyətində 57 oyuna çıxıb, 28 qol vurub, 11 məhsuldar ötürmə verib.

Martinesin “İnter”lə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı 25 yaşlı Lautaro Martinesi 85 milyon avro məbləğində qiymətləndirir.

Bu arada “Gazzetta dello Sport” “İnter”in yeni təyin edilmiş kapitanı Lautaro Martinesin, komandanın belçikalı hücumçusu Romelu Lukakunun “Yuventus”a keçidi ilə bağlı, “Qoca sinyora” ilə danışıqlar aparmasına münasibəti haqda məlumat yayıb. Martines Lukakunun bu davranışından təəssüfləndiyini ifadə edib:

“Mən məyus oldum, bu, doğrudur. Mən həmçinin o qarma-qarışıq günlərində ona zəng vurmağa cəhd edirdim, amma o mənə heç vaxt cavab vermədi. O, digər yoldaşlarımla da eynilə davrandı. Birlikdə çox illər keçirdikdən sonra, birlikdə çox şey yaşadıqdan sonra mən məyus oldum. Xoşbəxtlikdən, bu, onun seçimidir. Mən ona ən yaxşısını arzulayıram”, deyə Martines bildirib.

Xatırladaq ki, transfer hüququ “Çelsi”yə məxsus Lukaku ötən mövsümdə “İnter”in heyətində icarə əsasında çıxış edib. “İnter”in belçikalı hücumçunu transfer etməyə çalışdığı məqamda, Lukakunun gizlincə “Yuventus”la danışıqlar apardığı ortaya çıxıb. Hiddətlənmiş “İnter” rəhbərliyi Lukaku ilə əməkdaşlığa xitam verib. Milan nəhənginin azarkeşləri isə Lukakunu xəyanətdə ittiham ediblər. Hazırda “Yuventus” müəyyən səbəblərdən Lukakunu heyətinə qata bilmir və ortada qalmış belçikalı hücumçu çıxılmaz vəziyyətdə qalıb. 30 yaşlı Lukaku Avropada oynamaq istədiyindən, Səudiyyə Ərəbistanından aldığı təklifləri rədd edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: