Lautaro Martines “İnter”in qol rekordunu təkrarladı

İtaliya A Seriyasının 8-ci turunda “Roma”ya qarşı səfər oyunu (1:0) “İnter”in argentinalı hücumçusu Lautaro Martines üçün əlamətdar olub.

Arena.az xatırladır ki, Martines oyunun 60-cı dəqiqəsində “canvarlar”ın qapısına yol tapmaqla, “neradzurri”nin qələbəsini təmin edib.

“Opta Sports” statistik internet-portalının məlumatına görə, bu qol Martinesin “İnter”i üçün vurduğu 133 qol olub.

Müvafiq nəticəsi ilə Martines “İnter”in heyətində çıxış etmiş əcnəbi futbolçular arasında ən çox qol vurmuş macar hücumçu İştvan Nyerşin nailiyyətini təkrarlayıb. 1948-54-cü illərdə “neradzurri” üçün 182 oyun keçirimiş Nyerş rəqiblərinin qapısına 133 dəfə yol tapıb. Göründüyü kimi, Martinesə “İnter”in ən sərrast əcnəbi qolçusu olmaq üçün cəmi bircə qol vurmaq kifayətdir.

Lautaro Martines “İnter”ə 2018-ci ilin iyulunda 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən keçib. Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.

Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 9 oyuna çıxıb, 4 qol vurub, 3 məhsuldar ötürmə verib.

Lautaronun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə belədir: 291 oyun, 133 qol, 46 məhsuldar ötürmə.

Martines “neradzurri” ilə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, ötən 2022/2023-cü illər mövsümündə isə UEFA Çempionlar Liqasının finalçısı olub.

Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 68 oyuna çıxıb, 30 qol vurub, 9 məhsuldar ötürmə verib. Hücumçu 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: