Lautaro Martines: “Ötən mövsüm bəzən qələbə əzmi çatışmırdı”

“İnter”in hücumçusu Lautaro Martines A Seriyasının 3-cü turunda “Napoli” üzərində əldə etdikləri 3:2 hesablı qələbəni şərh edib.

Arena.az xəbər verir ki, argentinalı forvard qarşılaşmada dubl edib və komandasına qələbə gətirən qolu 92-ci dəqiqədə vurub.

“Markus Türam qolumu qeyd edərkən hasarın üstünə çıxmağımı dəlilik adlandırdı, amma sonda o da mənim nümunəmi izlədi. Hazırda əsas prioritet optimal fiziki formaya çatmaqdır. Dünya çempionatında iştirak etdikdən sonra tam mövsümöncəsi hazırlıq keçmədən klub ritminə qayıtmaq həmişə asan olmur.

Oyunun gedişatını dəyişə bildiyimiz üçün çox məmnunam. Ötən mövsüm bəzən belə qələbə əzmimiz çatışmırdı. Hər il özümüz üçün standartları yüksəldir və bunu oyunumuzla təsdiqləməyə çalışırıq. Böyük sevinc hissi keçirirəm, amma qarşıda hələ uzun mövsüm var”, – deyə Martines sevincini gizlətməyib.

Lautaro Martines 2018-ci ilin iyul ayından “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.

Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. 2024-cü ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.

Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 3 oyuna çıxıb, 2 qol vurub.

Lautaro Martinesin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə 379 oyun, 177 qol, 56 məhsuldar ötürmədən ibarətdir.

Martines “İnter”lə 3 dəfə İtaliya A Seriyasını, 3 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb.

Lautaro Martines 2018-ci ilin mart ayında debüt etdiyi Argentina yığmasının heyətində 84 oyuna çıxıb, 40 qol vurub, 13 məhsuldar ötürmə verib. Lautaro 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 85 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: