“İnter”in və Argentina yığmasının mərkəz hücumçusu Lautaro Martines sosial şəbəkədə ona sual ünvanlamış bir azarkeşi sərt cavablayıb.
Arena.az məlumat verir ki, azarkeş Martinesə, argentinalı futbolçunun “İnter”dəki iş fəaliyyəti və qazancı haqda təkidlə sual ünvanlayıb.
Martines isə “həyasız” azarkeşə belə cavab verib:
“Sən bilməli və unutmamalısan ki, mən “İnter”ə həmişə bütün güc-qüvvətimi verirəm, Dünya Kubokunun keçirildiyi ildə topuğumdan zədə aldığım vaxtda olduğu kimi. Başqaları yaxşı yarışa hazırlaşarkən, mən Çempionlar Liqasının finalına qədər bütün mövsümü ağrılar içində oynamışdım. Mənə nə qədər ödəniş edildiyi barədə danışmazdan əvvəl, bunu heç vaxt unutma”, – Martines özünün sosial şəbəkə hesabı üzərindən cavablayıb.
Xatırladaq ki, Martines 135 qolla əcnəbi futbolçular arasında “İnter”in tarixində ən sərrast qolçuların siyahısına başçılıq edir. Ümumi siyahıda isə argentinalı hücumu hələ ki, 7-ci pillədə qərarlaşıb.
Lautaro Martines “İnter”ə 2018-ci ilin iyulunda 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən keçib. Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.
Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 15 oyuna çıxıb, 6 qol vurub, 4 məhsuldar ötürmə verib.
Lautaronun “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə belədir: 297 oyun, 135 qol, 47 məhsuldar ötürmə.
Martines “neradzurri” ilə 2 dəfə İtaliya A Seriyasını, 2 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb, ötən 2022/2023-cü illər mövsümündə isə UEFA Çempionlar Liqasının finalçısı olub.
Lautaro Martines 2018-ci ilin martında debüt etdiyi Argentina yığmasının heyətində 68 oyuna çıxıb, 30 qol vurub, 9 məhsuldar ötürmə verib. Hücumçu 2021-ci və 2024-cü illərdə Amerika
Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.


