Leonardo Bonuççi futbolçu karyerasına xitam verdi

Məşhur italyan mərkəz müdafiəçisi, cari mövsümü “Fənərbaxça”da keçirmiş Leonardo Bonuççi futbolçu karyerasına xitam verib.

Arena.az xatırladır ki, daha öncə Bonuççi Türkiyə Super Liqasının 38-ci turunda “Fənərbaxça” – “İstanbulspor” oyunundan sonra futbolçu karyerasını bitirəcəyini açıqlamışdı.

Beləliklə, “Fənər”in “İstanbulspor”u 6:0 hesabı ilə kötəklədiyi, amma çempionluğa qovuşa bilmədiyi bu oyundan sonra Bonuççi də böyük futboldan gedib. İtalyan müdafiəçi bu oyunun 64-cü dəqiqəsində braziliyalı müdafiəçi Rodriqo Bekanı əvəzləyərək meydana çıxıb və sonuncu dəfə böyük futbolu yaşayıb. Üstəlik, Bonuççi oyunun 90+2-ci dəqiqəsində rəqibi tutub-saxladığına görə sarı vərəqə alıb və beləcə böyük futbolla vidalaşıb.

“Fənərbaxça”nın futbolçuları italyan müdafiəçiyə öz imzaları ilə işlənmiş xatirə köynəyi hədiyyə ediblər.

Leonardo Bonuççi “Fənərbaxça”ya cari ilin yanvar ayında “Union Berlin”dən azad agent qismində qoşulmuşdu. İtalyan müdafiəçi “Fənər”lə müddəti cari ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalamışdı.

“Fənərbaxça”da çıxışı müddətində Bonuççu 13 oyun keçirib, 1 məhsuldar ötürmə verib və sonuncu oyununda 1 sarı vərəqə alıb.

Bonuççinin karyerası İtaliya klublarında keçib. Müdafiəçinin futbolda yüksəlişi “Yuventus”un adı ilə bağlıdır. 2010-cı ildə “qoca sinyora”ya qoşulmuş Bonuççi 2017/2018 mövsümünü keçdiyi “Milan”da oynayaraq, yenidən Turin klubuna qayıdıb. Bonuççinin “Yuventus”dakı ümumi çıxışı belə bir mənzərə yaradır: 502 oyun, 37 qol, 10 məhsuldar ötürmə.

Veteran futbolçu 2023-cü ilin yay transfer pəncərəsində “Yuventus” rəhbərliyi və məşqçilər qərargahı ilə fikir ayrılığı səbəbilə “qoca sinyora”dan ayrılmışdı. İtalyan müdafiəçi azad agent qismində “Union Berlin”ə keçmişdi. Tərəflər arasında 1 illik – müddəti 2024-cü ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanmışdı. Amma Bonuççu Almaniya klubunun məşqçilər qərargahı ilə anlaşılmazlıq səbəbindən Berlin təmsilçisinin düşərgəsini erkən tərk etməyə qərar verib. Bonuççi cari ilin yanvarında “Fənərbaxça”ya keçmişdi.

Leonardo Bonuççi İtaliya yığmasının heyətində 2010-cu ilin mart ayında debüt edib, 121 oyun keçirib, 8 qol vurub, 7 məhsuldar ötürmə verib. Bonuççu “skuadra adzurra” ilə 2021-ci ildə keçirilmiş Avropa çempionatının qalibi olub.

37 yaşlı Bonuççi futbolçu karyerasının ardından nə ilə məşğul olacağı barədə hələ açıqlama verməyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: