Leonardo Bonuççi məşqçilik fəaliyyətinə başladı

Cari ilin yayında futbolçu karyerasına xitam vermiş italyan məşhur müdafiəçi Leonardo Bonuççi məşqçilik fəaliyyətə başlayıb.

Arena.az məlumat verir ki, İtaliya Futbol Federasiyası (FIGC) 37 yaşlı mütəxəssisin gənclərdən ibarət komandaya (20 yaşa qədər) baş məşqçi köməkçisi təyin edildiyini açıqlayıb.

Gələn il İtaliyanın gənclərdən ibarət komandası Çilidə keçiriləcək dünya çempionatında mübarizə aparacaq. Yarış payızda baş tutacaq.

Vurğulanır ki, məşqçi köməkçisi olaraq fəaliyyəti Bonuççiyə məşqçilik işinin incəliklərinə bələd olmağa kömək edəcək və italyan mütəxəssis gələcəkdə sərbəst surətdə məşqçilik fəaliyyətinə başlayacaq.

Bonuççinin son klubu “Fənərbaxça” olub. Bonuççi “Fənərbaxça”ya cari ilin yanvar ayında “Union Berlin”dən azad agent qismində qoşulmuşdu. İtalyan müdafiəçi “Fənər”lə müddəti cari ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalamışdı və müqavilə müddətinin bitməsilə Bonuççi futbolçu karyerasına da xitam verib.

Bonuççinin karyerası İtaliya klublarında keçib. Müdafiəçinin futbolda yüksəlişi “Yuventus”un adı ilə bağlıdır. 2010-cı ildə “qoca sinyora”ya qoşulmuş Bonuççi 2017/2018-ci illər mövsümünü keçdiyi “Milan”da oynayaraq, yenidən Turin klubuna qayıdıb. Bonuççinin “Yuventus”dakı ümumi çıxışı belə bir mənzərə yaradır: 502 oyun, 37 qol, 10 məhsuldar ötürmə.

Veteran futbolçu 2023-cü ilin yay transfer pəncərəsində “Yuventus” rəhbərliyi və məşqçilər qərargahı ilə fikir ayrılığı səbəbilə “qoca sinyora”dan ayrılmışdı. İtalyan müdafiəçi azad agent qismində “Union Berlin”ə keçmişdi. Tərəflər arasında 1 illik – müddəti 2024-cü ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanmışdı. Amma Bonuççu Almaniya klubunun məşqçilər qərargahı ilə anlaşılmazlıq səbəbindən Berlin təmsilçisinin düşərgəsini erkən tərk etməyə qərar verib. Bonuççi cari ilin yanvarında “Fənərbaxça”ya keçmişdi.

Leonardo Bonuççi İtaliya yığmasının heyətində 2010-cu ilin mart ayında debüt edib, 121 oyun keçirib, 8 qol vurub, 7 məhsuldar ötürmə verib. Bonuççu “skuadra adzurra” ilə 2021-ci ildə keçirilmiş Avropa çempionatının qalibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: