Leonardo Bonuççi “Union Berlin”də

Bir müddət öncə “Yuventus”dan ayrılan italyan mərkəz müdafiəçisi Leonardo Bonuççi Almaniyanın “Union Berlin” klubuna keçib.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər arasında müddəti daha bir il uzadılmasının mümkünlüyünü ehtiva edən bir illik – 2024-cü ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Xatırladaq ki, yayda məşqçilər qərargahı ilə dil tapa bilməyən Bonuççi hər kəsə təşəkkür edərək “Yuventus”u tərk etmişdi.

“Karyeramda ilk dəfə xaricə addım atmaq mənim üçün xüsusilə vacibdir. Öz təcrübəmdən istifadə edərək, ən yüksək səviyyədə oynamağa davam etmək və komandaya üç çətin yarış yolunda dəstək olmaq imkanım var. Karyeramda bu yeni mərhələni səbirsizliklə gözləyirəm”, deyə Bonuççi həvəslə bildirib.

36 yaşlı Bonuççinin karyerası İtaliya klublarında keçib. Müdafiəçinin futbolda yüksəlişi “Yuventus”un adı ilə bağlıdır. 2010-cı ildə “qoca sinyora”ya qoşulmuş Bonuççi 2017/2018 mövsümünü keçdiyi “Milan”da oynayaraq, yenidən Turin klubuna qayıdıb.

Geridə qalmış 2022/2023 mövsümü ərzində Bonuççi “Yuventus”un heyətində 26 oyuna çıxıb, 2 qol vurub. Bonuççinin “Yuventus”dakı ümumi statistikası isə belədir: 502 oyun, 37 qol, 10 məhsuldar ötürmə.

Leonardo Bonuççi hazırda kapitanı olduğu, İtaliya yığmasının heyətində 2010-cu ilin mart ayında debüt edib və yığmada 121 oyun keçirib, 8 qol vurub, 7 məhsuldar ötürmə verib. Bonuççu “skuadra adzurra” ilə 2021-ci ildə keçirilmiş Avropa çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Leonardo Bonuççini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: