Leonardo Bonuççi “Yuventus”a qarşı məhkəmə işini geri götürdü

“Fənərbaxça”nın italyan müdafiəçisi Leonardo Bonuççi heyətdən kənarlaşdırıldığı üçün “Yuventus”a qarşı məhkəmə iddiasını geri götürüb.

Arena.az bu barədə “Yuventus”un mətbuat xidmətinə istinadən məlumat verir:

“Leonardo Bonuççi “Yuventus”a qarşı hüquqi şikayətini geri götürüb və klub bu qərarı qəbul edib. Bu, nəhayət, heç bir maliyyə nəticəsi olmadan mübahisəni həll edir. “Yuventus” və Bonuççi qalibiyyət anlarını və illər ərzində qurulmuş qarşılıqlı anlaşmanı qoruyan bu işin nəticəsindən tamamilə razıdırlar”, – klubun rəsmi bəyanatında deyilir.

Xatırladaq ki, 36 yaşlı veteran müdafiəçi “Yuventus”un onu heç bir izahat vermədən heyətdən kənarlaşdırdığı, həmçinin futbolçuya lazımi məşq şəraiti yaratmadığı, onun peşəkarlığına və simasına xələl gətirdiyi üçün məhkəməyə müraciət etmişdi. Əgər iddia təmin edilsəydi və bu iş üzrə “qoca sinyora”dan təzminat alınsaydı, Bonuççi bu pulu Turin xəstəxanalarındakı uşaqların ailələrinə dəstək verən xeyriyyə təşkilatına bağışlamaq istəyirdi.

Bonuççi 2023-cü ilin yay transfer pəncərəsində “Yuventus” rəhbərliyi və məşqçilər qərargahı ilə fikir ayrılığı səbəbilə bu klubdan ayrılmışdı. O, azad agent qismində “Union Berlin”ə keçmişdi. Tərəflər arasına 1 illik – müddəti 2024-cü ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanmışdı. Lakin o, Almaniya klubunun məşqçilər korpusu ilə problemlər səbəbindən Bundesliqa təmsilçisini erkən tərk etməyə qərar verib. Bonuççi bu qış fasiləsində “Fənərbaxça”ya keçib. 36 yaşlı futbolçu Türkiyə klubu ilə yarım mövsümlük anlaşıb.

Bonuççinin karyerası İtaliya klublarında keçib. Müdafiəçinin futbolda yüksəlişi “Yuventus”un adı ilə bağlıdır. 2010-cı ildə “qoca sinyora”ya qoşulmuş Bonuççi 2017/2018 mövsümünü keçdiyi “Milan”da oynayaraq, yenidən Turin klubuna qayıdıb. Onun “Yuventus”dakı ümumi statistikası belədir: 502 oyun, 37 qol, 10 məhsuldar ötürmə.

Leonardo Bonuççi İtaliya yığmasının heyətində 2010-cu ilin mart ayında debüt edib və millidə 121 oyun keçirib, 8 qol vurub, 7 məhsuldar ötürmə verib. Bonuççu “skuadra adzurra” ilə 2021-ci ildə keçirilmiş Avropa çempionatının qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: