Futbol üzrə İtaliya milli komandasının və “Yuventus”un mərkəz müdafiəçisi Leonardo Bonuççi Turin təmsilçisindən ayrılıb.
Arena.az xəbər verir ki, 36 yaşlı 12 ildir formasını geyindiyi “qoca sinyora” ilə sosial şəbəkə hesabında paylaşdığı bu sözlərlə vidalaşıb:
“Burada çox şey öyrəndim, mübarizə apardım, xəyal qurdum. Düşündüyümdən daha çoxuna nail oldum. Bu günün reallığı evim kimi qəbul etdiyim, daim sevəcəyim klubu tərk etməyimi şərtləndirir”.
Məşqçilər korpusu ilə yola getmədiyi üçün transferə çıxarılan italyan futbolçu vida mesajında azarkeşlərinə təşəkkürünü bildirib.
Xatrıladaq ki, Leonardo Bonuççi 2010-cu ildən Turində çıxış edirdi. “Yuventus”da 12 il keçirmiş müdafiəçi, 2017/2018 mövsümündə “Milan”da oynayıb. Geridə qalmış 2022/2023 mövsümündə Bonuççi “Qoca sinyora”nın heyətində 26 oyuna çıxıb, 2 qol vurub. Onun “Yuventus”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədə idi. Lakin tərəflər bu sözləşməni qarşılıqlı razılıq əsasında ləğv ediblər.
Bonuççi “Yuventus”da bütövlükdə 502 oyuna çıxıb, 37 qol vurub, 10 məhsuldar ötürmə verib. O, “Trevizo”, “Bari”, “Piza” və “İnter”də də forma geyinib. Təcrübəli müdafiəçi İtaliya milli komandasında da 121 matça çıxıb, 8 qol vurub.
Bonuççi ilə vidalaşan “Yuventus” onun əvəzində İspaniyanın “Valensiya” klubunun mərkəz müdafiəçisi Fakundo Qonsalesi transfer edib. Turin klubu bu keçidə görə 2 milyon avrosundan keçib. 20 yaşlı uruqvaylı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
“Yuventus”un sol cinah vingeri Marley Ake də “Udineze”yə keçib. 22 yaşlı futbolçu satınalma şərti ilə gələn ilin yayına kimi icarəyə götürülüb. Turin klubu onu 2021-ci ilin yanvarında Marsel “Olimpik”indən 8 milyon avro qarşılığında transfer edib. Ake “Yuventus”un əsas komandasında cəmi 6 matça çıxıb və 1 assistlə yadda qalıb. O, ötən mövsümün ikinci yarısında “Dijon”da da icarədə olub.


