İngiltərə Premyer Liqasında mübarizə aparan və uğursuz mövsüm keçirən “Lester Siti” komandasının yeni baş məşqçisi bəlli olub. Arena.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Din Smit çalışdıracaq.
Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 52 yaşlı mütəxəssis mövsümün sonunadək komandanın sükanı arxasında olacaq. Onun qarşısına qoyulan hədəf isə bu kollektivi Premyer Liqada saxlamaqqdır.
Din Smit daha əvvəl “Uolsoll”, “Norviç Siti”, “Aston Villa” və “Brentford” kimi klublarda baş məşqçi işləyib. O, ötən ilin dekabrında “Norviç Siti”dən ayrılandan bəri işsiz idi.
Din Smit Lester təmsilçisinin baş məşqçi postunda bir müddət öncə istefaya göndərilmiş Brendan Rocersi əvəz edib. Hansı ki, onun istefasına komandanın uğursuz çıxışı səbəb olmuşdu.
Brendan Rocers 2019-cu ilin fevral ayından “Lester Siti”yə rəhbərlik edirdi. O, bu komandanı 204 oyuna çıxarıb. Lesterlilər bu görüşlərdə 92 qələbə qazanıb, 42 heç-heçəyə razılaşıb və 70 məğlubiyyətə üzülüblər. Komanda bu mütəxəssisin rəhbərliyi altında 2021-ci ildə İngiltərə Federasiya Kubokunun qalibi olub, İngiltərə Super Kubokunu qazanıb.
Şimali İrlandiyadan olan mütəxəssis daha öncə “Uotford”, “Ridinq”, “Suonsi Siti”, “Liverpul” və “Seltik” kimi komandalara da rəhbərlik edib.
Xatırladaq ki, lesterlilər bu mövsüm Premyer Liqa çərçivəsində keçirdikləri 30 oyunda cəmi 7 qələbə qazanıb və 4 heç-heçə edib. Qalan 19 matçdan məğlubiyyətlə ayrılan komanda hazırda 25 xalla 20 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb. Sözügedən kollektiv hazırda yalnız “Sauthempton”u qabaqlayır. Hansı ki, bu komandaya da vaxtilə “Qarabağ” və “Neftçi”də köməkçi məşqçi kimi çalışmış Ruben Selles rəhbərlik edir.


