Levandovski: “Ronaldo rekordları ilə futbol tarixinə nüfuz edib”

“Barselona”nın hücumçusu Robert Levandovski “Əl-Nəsr”in portuqal ulduz hücumçusu Kristiano Ronaldonun uğurlarından söhbət açıb.

Arena.az polyak futbolçunun bu barədə fikrini təqdim edir:

“Mən, Kristiano Ronaldonun karyerası boyunca nələrə nail olduğuna və rekordları ilə futbol tarixinə necə nüfuz etdiyinə tamamilə bələdəm. Bu, şübhəsiz ki, futbol tarixinə düşəcək. 39, demək olar ki, 40 yaşında o, hələ də inanılmaz iddia nümayiş etdirir”, deyə Robert Levandovski vurğulayıb.

Xatırladaq ki, Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 9 oyuna 8 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 73 oyun, 66 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib.

Kristiano Ronaldo Portuqaliya yığmasının heyətində 214 oyuna 132 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 39 yaşlı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: