“Leypsiq” Madrid “Atletiko”sunun belçikalı mərkəz yarımmüdafiəçisi Artur Vermereni icarə müqaviləsi əsasında “öküzlər”in heyətinə qatıb.
Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
İcarə müqaviləsi 2024/2025-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. “Leypsiq” belçikalı futbolçunun icarəsi üçün “döşəkçilər”ə 3 milyon avro məbləğində ödəniş edib.
Artur Vermeren “Antperven”in yetirməsidir. “Atletiko” belçikalı futbolçunu 2024-cü ilin yanvarında 18 milyon avro məbləğ müqabilində “Antverpen”dən heyətinə qatıb. Vermeren “döşəkçilər”lə müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Vermeren “Atletiko”nun heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 5 oyun keçirib.
Artur Vermeren 2023-cü ilin oktyabrında debüt etdiyi Belçika yığmasının heyətində 4 oyun keçirib, məhsuldar fəaliyyətlə fərqlənməyib.
Artuq Vermerenin qənimətlər muzeyində “Antverpen”lə qazandığı Beçika çempionluğu, Belçika Kuboku və Belçika Super Kuboku var.
“Transfermarkt” internet-portalı 19 yaşlı belçikalı mərkəz yarımmüdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.


