Liam Rosenyor – “Paris”in yeni baş məşqçisi!

“Çelsi”nin sabiq baş məşqçisi, ingilis mütəxəssis Liam Rosenyor bundan sonra Fransanın “Paris” komandasına rəhbərlik edəcək.

Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

41 yaşlı ingilis mütəxəssislə 2028-ci ilin iyun ayınadək nəzərdə tutulmuş müqavilə imzalanıb.

Rosenyor bu vəzifədə ötən mövsüm komandanı Fransa çempionatında 11-ci pilləyə yüksəltmiş Antuan Kombuareni əvəzləyib.

“Paris”in idman direktoru Marko Neppe yeni baş məşqçi barədə danışarkən onun müasir futbol baxışına və liderlik keyfiyyətlərinə diqqət çəkib:

“Liam Rosenyor axtardığımız bütün xüsusiyyətləri özündə birləşdirir. O, müasir, tələbkar məşqçidir və futbolçuların, eləcə də komandanın inkişafına töhfə verməsi ilə tanınır. Taktiki bilikləri ilə yanaşı, idarəetmə bacarığı və kollektivi vahid məqsəd ətrafında birləşdirmək qabiliyyəti bizi xüsusilə cəlb etdi”.

“Paris” klubunun məlumatına görə, Rosenyor iyulun 9-dan etibarən komanda ilə işə başlayacaq.

Rosenyor bununla Fransa futboluna qayıdır. O, 2024–2026-cı illərdə “Strasburq”u çalışdırdıqdan sonra bu ilin yanvarında “Çelsi”nin baş məşqçisi təyin olunmuşdu. Lakin onun London klubundakı fəaliyyəti cəmi dörd aya yaxın davam edib. Müqaviləsinin müddəti 2032-ci ilə qədər olsa da, uğursuz nəticələr səbəbindən klub onunla yollarını ayırmışdı.

İngilis mütəxəssis “Çelsi”yə rəhbərlik etdiyi 23 oyunda 11 qələbə, 2 heç-heçə və 10 məğlubiyyətlə yadda qalıb.

Rosenyor daha öncə İngiltərənin “Hall Siti”, Fransanın “Strasburq” komandalarını çalışdırıb, “Brayton” və “Derbi Kaunti”də köməkçi-məşqçi kimi işləyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: