Lion “Olimpik”i heyətini 3 yeni futbolçu – hücumçu Mama Balde, sol cinah vingerləri Dieqo Moreyra və Ernest Nuama ilə gücləndirib.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Liqa 1 təmsilçisi onları müvafiq olaraq “Trua”, “Çelsi” və “Molenbek”dən bu mövsümün sonuna kimi icarəyə götürüb.
Mama Balde “Trua”dan öncə “Sintrense”, “Sportinq”, “Benfika”, “Aveş”, “Dijon” kimi klubların da formasını geyinib. 27 yaşlı vinger Qvinya Bisau yığmasında 20 oyuna 2 qol vurub.
Dieqo Moreyra “Benfika”nın yetirməsidir. 19 yaşlı portuqal futbolçu “Çelsi”yə bu yay azad agent kimi keçmişdi. “Olimpik” onun bir mövsümlük icarəsi üçün “zadəganlar”a 2,8 milyon avro ödəyəcək.
Ernest Nuama isə “Molenbek”dən öncə “Nordsyelland”da forma geyinib. 19 yaşlı forvard Qana millisinə də dəvət alır.
Ekambi, Kone və Sarr Lionu tərk etdi
Lion “Olimpik”i bir neçə futbolçusu ilə də yollarını ayırıb. Kamerunlu hücumçu Karl Toko Ekambi Səudiyyə Ərəbistanının “Abha” klubuna keçib. Fransızlar 30 yaşlı forvardın satışından 1,5 milyon avro qazanıblar. Ekambi 2020-ci ildən formasını geyindiyi “Olimpik”də 114 oyuna 38 qol vurub, 19 assist edib. O, “Soşo”, “Anje”, “Paris”, “Vilyarreal”, “Renn” kimi klublarda da forma geyinib, Kamerun yığmasında 55 oyuna 13 qol vurub.
“Olimpik”in sol cinah müdafiəçisi Yussuf Kone də “Molenbek”ə keçib. 28 yaşlı malili futbolçu Belçika klubu ilə 1 illik müqavilə bağlayıb. O, Lion təmsilçisində cəmi 16 oyuna çıxıb. Kone karyerası ərzində “Lill”, “Trua”, “Reyms”, “Ayaçço”, “Hatayspor”, “Elçe” kimi klublarda da oynayıb. Müdafiəçi Mali yığmasında da 17 oyun keçirib, 1 qol vurub.
“Olimpik”in hücumçusu Amin Sarr da icarə əsasında Almaniyanın “Volfsburq” klubuna keçib. Bundesliqa təmsilçisi əslən Seneqaldan olan 22 yaşlı isveçli forvardı mövsümün sonuna kimi satınalma şərti ilə heyətinə qatıb. Bir mövsümlük icarə üçün Liqa 1 klubuna 1 milyon avro ödənilib. “Herenven”, “Malmö”, “Myalbü” kimi klublarda da oynamış hücumçu Lion təmsilçisində 18 oyuna 1 qol və 1 assistlə yadda qalıb.
“Volfsburq”un hücumçusu Maksimilian Filipp isə icarə əsasında Bundesliqanın digər təmsilçisi “Frayburq”a keçib. Frayburqlular 29 yaşlı almanı satınalma şərti ilə icarəyə götürüblər. “Volfsburq”da 54 oyuna 7 qol və 6 assist müəllifi olan Filipp daha öncə də “Frayburq”un uğurları üçün çalışıb. O, 2013-2017-ci illər aralığında bu komandada 90 oyuna 19 qol və 23 assist müəllifi olub.


