Lionel Messi ardıcıl 5-ci oyununda qol vurdu – Video

Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi ABŞ təmsilçisi “İnter Mayami”də növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 36 yaşlı futbolçunun komandası Şimali Amerika Liqa Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Şarlott” ilə qarşılaşıb.

“İnter Mayami” doğma meydanda qarşılaşdığı bu rəqibini asanlıqla mübarizədən kənarlaşdırmağı bacarıb. Messi bu görüşdə də qol vurub. O, 86-cı dəqiqədə vurduğu qolla matçda son nöqtəni qoyub – 4:0. Beləcə, bu darmadağın sayəsində “İnter Mayami” yarımfinala yüksəlib.

Xatırladaq ki, Messi “İnter Mayami”nin heyətində “Krus Asul”a qarşı matçda (2:1) debüt etmişdi. Futbolçu 54-cü dəqiqədə meydana daxil olmuş və 90+4-cü dəqiqədə cərimə zərbəsindən komandasının qələbə qolunu vurmuşdu. O, “Atlanta Yunayted”lə növbəti görüşün (4:0) 8 və 22-ci dəqiqələrində fərqlənməklə ilk dublunu rəsmiləşdirmişdi. 1/16 finalda “Orlando” ilə görüş (3:1) də ulduz futbolçu üçün uğurlu alınmış və o, ardıcıl ikinci oyunda dubla imza atmışdı. 1/8 finalın “Dallas”la qarşılaşmasında da eyni uğuru təkrarlayan Messi artıq ardıcıl üç oyunda dubl etmişdi (6 və 85-ci dəqiqələrdə). Onun dubl seriyası bu gün bitsə də, meydana çıxdığı hər oyunda qol vurmağı bacarıb.

Beləliklə, argentinalı ulduz MLS təmsilçisində keçirdiyi 5 oyuna artıq 8 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“İnter Mayami”nin yarımfinaldakı rəqibi “Filadelfiya Yunion” olacaq. Bu oyun avqustun 16-da keçiriləcək və Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.

Xatırladaq ki, Lionel Messi bu yay Fransanın PSJ klubundan azad agent kimi “İnter Mayami”yə keçib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: