Lionel Messi ardıcıl üçüncü oyunda dubla imza atdı – Video

Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi ABŞ təmsilçisi “İnter Mayami”də növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 36 yaşlı futbolçunun komandası Şimali Amerika Liqa Kubokunun 1/8 final mərhələsi çərçivəsində “Dallas”la qarşılaşıb.

“İnter Mayami” səfərdə qarşılaşdığı bu rəqibini çətinliklə də olsa, mübarizədən kənarlaşdırmağı bacarıb. Messi bu görüşdə də 2 qol vurub. O, əvvəlcə 6-cı dəqiqədə vurduğu qol sayəsində matçda hesabı açıb. Lakin “Dallas” 37, 45 və 63-cü dəqiqələrdə vurduğu qollarla böyük üstünlüyə yiyələnib. Ruhdan düşməyən “İnter Mayami” 65-ci dəqiqədə fərqi azaltsa da, bundan cəmi 3 dəqiqə sonra 4-cü qolu buraxıb. Amma Messinin komandası son 10 dəqiqədə məğlubiyyətdən xilas olmağı bacarıb. Əvvəlcə 80-ci dəqiqədə rəqib futbolçunun avtoqoluna sevinən Mayami təmsilçisinin bərabərlik qolunu da 85-ci dəqiqədə Messi vurub.

Beləcə, qarşılaşmanın əsas vaxtı 4:4 hesabıyla yekunlaşıb. Qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “İnter Mayami” 1/4 finala yüksəlib – 5:3. Messi penalti seriyasında da nöqtəyə ilk yaxınlaşan futbolçu olub və hədəfdən yayınmayıb.

Xatırladaq ki, Messi “İnter Mayami”nin heyətində “Krus Asul”a qarşı matçda (2:1) debüt etmişdi. Futbolçu 54-cü dəqiqədə meydana daxil olmuş və 90+4-cü dəqiqədə cərimə zərbəsindən komandasının qələbə qolunu vurmuşdu. O, “Atlanta Yunayted”lə növbəti görüşün (4:0) 8 və 22-ci dəqiqələrində fərqlənməklə ilk dublunu rəsmiləşdirmişdi. 1/16 finalda “Orlando” ilə görüş (3:1) də ulduz futbolçu üçün uğurlu alınmış və o, ardıcıl ikinci oyunda dubla imza atmışdı. “Dallas”la qarşılaşmada da eyni uğuru təkrarlayan Messi artıq ardıcıl üç oyundur dubl edir.

Beləliklə, argentinalı ulduz MLS təmsilçisində keçirdiyi 4 oyuna artıq 7 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“İnter Mayami”nin 1/4 finalda hansı komanda ilə qarşılaşacağı hələ müəyyənləşməyib.

Xatırladaq ki, Lionel Messi bu yay Fransanın PSJ klubundan azad agent kimi “İnter Mayami”yə keçib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: