Lionel Messi: “Barselonaya mütləq qayıdacağam”

“Barselona”nın əfsanəsi, hazırda “İnter Mayami”də çıxış edən argentinalı hücumçu Lionel Messi nə vaxtsa Kataloniyaya qayıdacağını açıqlayıb.

Arena.az veteran ulduzun müvafiq açıqlamasını təqdim edir:

“İndi mən, güman ki, burada (ABŞ-da – redaktorun qeydi) hələ bir neçə il də qalacağam, amma biz Barselonaya qayıdacağıq, çünki, həmişə dediyim kimi, bu mənim yerim, mənim evimdir. Biz onun üçün çox darıxırıq, ona görə də biz ora mütləq qayıdacağaq”, deyə “Leo” vurğulayıb.

Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 47 oyuna 43 qol və 23 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 86 oyun, 77 qol və 41 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 196 oyun keçirib, 115 qol vurub və 64 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: