Lionel Messi DÇ-2026-da milliyə yük olmaq istəmir

Argentina yığmasının və “İnter Mayami”nin kapitanı Lionel Messi növbəti dünya çempionatında (DÇ-2026) mümkün iştirakı ilə bağlı sualı cavablayıb.

Arena.az 38 yaşlı ulduz hücumçunun müvafiq cavabını təqdim edir:

“Yük olmaq istəmirəm. Özümü yaxşı fiziki vəziyyətdə hiss etmək istəyirəm ki, komandama kömək edə və töhfəmi verə biləcəyimə əmin olum. Mövsümöncəsi toplanışımız olacaq, dünya çempionatı ərəfəsində bir neçə oyun, biz isə istədiyim yerdə olmaq üçün özümü fiziki cəhətdən həqiqətən hazır hiss edib-etmədiyimi görəcəyik. Dünya çempionatı nəhəng yarışdır. Ona görə də ruhlanmışam, amma “gündən-günə” əsası ilə yaşayıram”, deyə “Leo” vurğulayıb.

Xatırladaq ki, Messi son dünya çempionatının qalibidir. O, Qətərdə keçirilmiş 2022-ci ilin dünya çempionatındakı qalibiyyətdən doğan duyğularını da təsvir edib:

“Dünya çempionatını qazananda, övladlarımın dünyaya gəldiyi məqamda yaşadığım hissləri duyurdum. Müvafiq duyğuları təsvir etmək çətindir, onlar o qədər xüsusi və o qədər nəhəng idi ki…Dünya çempionatında qalibiyyət – ən yüksək nailiyyətdir. Ondan sonra arzulanacaq bir xüsus yoxdur. Müvafiq məqamın şəxsən mənim, ailəm, komanda yoldaşlarım və bütün ölkəmiz üçün nə demək olduğunu təsvir etməyə sözlər tapmaq çətindir”.

Lionel Messi vaxtilə Fransa nəhəngi PSJ-də çıxış edərkən Parisdə qarşılaşdığı çətinlikləri də xatırlayıb:

“Bəli, sanki elə gəlir ki, Parisdə hər şey pis idi, amma bu, heç də belə deyil. Mənə çətin olduğunu deyəndə, özümü futbolda, məşqlərdə, oyunlarda rahat hiss etmədiyimi nəzərdə tuturdum. Sadəcə, öz işimdən zövq tapa bilmirdim. Amma bir ailə olaraq, vaxtımızı gözəl keçirdik – şəhər gözəldi, ondan zövq alırdıq”, deyə “Leo” xatırlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: