“İnter Mayami”nin argentinalı ulduz hücumçusu Lionel Messi “Barselona”da ona ən çox təsir göstərmiş iki adamın adını açıqlayıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, argentinalı ulduzun bu barədə fikrini təqdim edir:
“Müxtəlif səbəblərdən mənə çox qüvvətli təsir göstərmiş iki insan var. Xosep Qvardiola, ona görə ki, o, uzun illər mənim məşqçim olub və biz arzulaya belə, bilməyəcəyimiz inanılmaz uğurlara imza atmışıq. Həm də Ronaldinyo, çünki onun mənimlə görüşü və dəstək olması əsas komandaya gəldiyim ilk məqamlarda mənə çox yardım etdi. Eləcə də Andres İnyesta və Xavi yoldaş kimi, həmçinin burada, Mayamidə mənimlə oynayan üç nəfəri – Serxio Buskets, Jordi Alba və Luis Suaresi, həm də mənim dostum olan üçlüyü xatırlayıram. Və əlbəttə ki, hamımızın çox darıxdığı Tito Vilanovanı xüsusi qeyd etmək istəyirəm”, deyə “Leo” vurğulayıb.
Xatırladaq ki, Messi 2003-2021-ci illər aralığında “Barselona”nın uğurları üçün çalışıb. “Leo” “baluqrana”nın heyətində 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə verib.
Messi “Barselona” ilə bütün mümkün ali klub yarışlarında dəfələrlə qalibiyyətlər əldə edib, şəxsi və klub rekordları müəyyənləşdirib.
“Leo” 2021-ci ildə “Barselona”dan azad agent qismində ayrılaraq, PSJ-yə keçib.
Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 23 qol vurub və 13 məhsuldar ötürmə verib.
Təcrübəli ulduzun “İnter Mayami” karyerası ümumilikdə 39 oyun, 34 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 191 oyun keçirib, 112 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
“Leo”nun qənimətlər muzeyində müxtəlif fərdi mükafatlar, həmçinin 8 “Qızıl top”u var.


