Lionel Messi qol vurmasa da, 2 assistlə finalda!

Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi ABŞ təmsilçisi “İnter Mayami”də növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 36 yaşlı futbolçunun komandası ABŞ Kubokunun yarımfinalında “Çinçinnati” ilə qarşılaşıb.

Qarşılaşmanın əsas vaxtında məhsuldar heç-heçə qeydə alınıb – 2:2. Əlavə yarım saatda da komandalar hərəyə bir qol vurduğundan (3:3) cütün qalibi penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında isə “İnter Mayami”nin futbolçuları daha dəqiq olublar – 5:4.

Əvvəldən axıra kimi meydanda olan Messi bu görüşdə iki məhsuldar ötürmə ilə yadda qalıb. O, penaltilər seriyasında da ilk zərbəni yerinə yetirib və dəqiq olub.

Qələbə sayəsində “İnter Mayami” finala yüksəlib. Messi və komanda yoldaşları həlledici oyunda “Hyuston Dinamo” ilə qarşılaşacaqlar. Sözügedən kollektiv də yarımfinalda “Real Solt Leyk”dən güclü olub – 3:1.

Xatırladaq ki, bu, Messinin “İnter Mayami”dəki 8-ci rəsmi matçı idi. O, bu görüşlərdə 10 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Yarımfinaldakı penalti qolunu nəzərə almasaq, argentinalı ulduzun MLS təmsilçisindəki qol seriyası qırılıb. O, buna qədər çıxdığı bütün oyunlarda rəqib qapılarına yol tapmışdı.

Xatırladaq ki, Lionel Messi bu yay Fransanın PSJ klubundan azad agent kimi “İnter Mayami”yə keçib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: