Lionel Messi qonşuları üçün yaxşı reklam mənbəyidir

Belə görünür, “İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi yaşadığı məkanda qonşuları üçün özü də bilmədən reklam mənbəyidir.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, Lionel Messinin qonşusu Patrik Bet-Devid bildirib ki, “Leo” Fort-Loderdeyl kurort şəhərinin sahilində mülk aldıqdan sonra onun öz evinin dəyəri 25 milyon dollar artıb.

“Mən evimi 20 milyon dollara almışdım, Messi gələndən sonra isə ev 45 milyon dollar məbləğində oldu. Beləliklə, kapitalımı 25 milyon dollar artırdım.

Messi bu əraziyə köçüb, indi isə hamı burada yaşamaq istəyir. Bura tək girişi olan hasarlanmış ərazidir. Bu, çox təhlükəsiz və qorunan bölgədir. İndi Messi buradadır, insanlar onu görmək ümidi ilə qayıqlarla bura gəlirlər”, deyə Bet-Devid bildirib.

Xatırladaq ki, Messi hazırda tətildədir.

“Leo” cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu təcrübəli futbolçu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Messi “İnter Mayami”nin heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunun qalibi olub.

Xatırladaq ki, oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

Həmçinin Messi bu il Argentinada ilin idmançısı seçilib və bu, “Leo”nun müvafiq mükafatla 4-cü təltifidir ki, bu göstərici yalnız Messiyə məxsus rekorddur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: