Futbol üzrə Argentina yığmasının baş məşqçisi, argentinalı mütəxəssis Lionel Skaloni 2023-cü ilin ən yaxşı milli komanda məşqçisi seçilib.
Arena.az məlumat verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ildə ən yaxşı milli komanda məşqçisini elan edib.
Başa çatmaqda olan cari ildə təşkilatın müvafiq mükafatına (IFFHS Men’s World Best National Coach 2023) Argentina milli komandasının baş məşqçisi Skaloni layiq görülüb.
O, ikinci dəfə ardıcıl olaraq müvafiq mükafata layiq görülüb. Argentinalı mütəxəssis 2022-ci ildə də dünyanın ən yaxşı milli komanda məşqçisi seçilmişdi.
Bu təqdimatda 2-ci pilləni Fransa yığmasının baş məşqçisi, fransız mütəxəssis Didye Deşam tutub.
Səsvermə ərəfəsində əsas mübarizənin məhz Skaloni ilə Deşam arasında gedəcəyi məlum idi. Skalonin çalışdırdığı Argentina yığmasının kapitanı Lionel Messi başda olmaqla qazandığı uğurlar, argentinalı mütəxəssisin fransız həmkarını üstələməsində vacib amil olub.
Maraqlıdır ki, Didye Deşam 2016-cı ildən bəri müntəzəmlik nümayiş etdirir. Fransız mütəxəssis 2018-ci və 2020-ci illərdə dünyanın ən yaxşı məşqçisi seçilib, həmçinin 2016-cı və 2017-ci illərdə 5-ci, 2019-cu ildə 4-cü, 2021-ci ildə 3-cü, 2022-ci və 2023-cü illərdə 2-ci olub.
İlk üçlüyü Portuqaliya yığmasının ispan çalışdırıcısı Roberto Martines qapayır.
Xatırladaq ki, Lionel Skaloni 2018-ci ilin avqust ayından Argentina yığmasına rəhbərlik edir. Argentialı mütəxəssis “albiseleste”ni 66 oyuna çıxarıb. O, bu oyunlarda 48 qələbə qazanıb, 12 heç-heçə edib və 6 məğlubiyyətə üzülüb.
Argentina yığması Skaloninin rəhbərliyi altında Qətərdə keçirilmiş 2022 FIFA Dünya Kubokunun, 2021 Amerika Kubokunun, 2022 Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.
Vurğulayaq ki, futbol ölçüləri ilə gənc sayıla biləcək məşqçi Argentina yığmasına 28 il sonra ilk dəfə Amerika Kuboku, 36 il sonra isə dünya çempionluğu sevinci yaşadıb.
2023-cü ilin ən yaxşı milli yığma komanda məşqçisi təqdimatı üzrə yekun sıralama cədvəlini təqdim edirik:



