Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın qrup mərhələsinin son turunda İordaniyaya qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, mütəxəssis 3:1 hesablı qələbədən sonra komandanın artıq diqqətini növbəti mərhələyə yönəltdiyini bildirib:
“Hər matçda olduğu kimi, bu dəfə də qələbə qazanmaq sevindiricidir. Artıq növbəti oyun barədə düşünürük və yenə qalib gəlmək istəyirik. Lionel Messi ilə danışdım və hər ikimiz bu gün onun ikinci hissədə oyuna daxil olmasının ən doğru seçim olduğu qənaətinə gəldik. Bu da onun komandamız üçün nə qədər böyük dəyərə və təsir gücünə malik olduğunu bir daha göstərir”, – deyə Lionel Skaloni bildirib.
İordaniya millisinin baş məşqçisi Camal Sellami isə komandasının son dünya çempionuna qarşı layiqli mübarizə apardığını vurğulayıb:
“Argentina mükəmməl futbolçulara sahib olan ən güclü komandalardan biridir. Qrup mərhələsində onlara qol vurmağı bacaran yeganə komanda biz olduq. Rəqibə qarşı necə mübarizə aparmalı olduğumuzu bilirdik.
Komanda turnirdə keçirdiyi hər üç oyunda qol vurmağı bacardı. Lakin xırda səhvlər bizə çox baha başa gəldi və məhz buna görə qollar buraxdıq. Son dünya çempionuna qarşı oynayarkən səhvlərin cəzası ağır olur”, – deyə mütəxəssis qeyd edib.
Sellami bu turnirin futbolçular üçün böyük təcrübə olduğunu da bildirib:
“Bizim üçün ən vacib məqam futbolçuların illərdir üzərində çalışdıqları futbol mühitini yaxından hiss etmələridir. Bu təcrübə gələcəkdə onlara mütləq kömək edəcək.
Mən futbolçulara daim özlərini inkişaf etdirməyi və fiziki hazırlıqlarını artırmağı tapşırıram. Belə güclü rəqiblərlə oyunlar daha yüksək dözümlülük tələb edir. Biz onların bacarıqlarını inkişaf etdirmək üçün çalışdıq və gələcəkdə komanda belə turnirlərə daha yaxşı hazır olacaq”, – deyə İordaniya millisinin baş məşqçisi vurğulayıb.


